MİR CƏFƏR BAĞIROV HAQQINDA KİÇİK BİR XATİRƏ

Əsasən azərbaycanlılardan təşkil olunmuş 297 saylı atıcı alayın keçmiş əsgəri, Böyük Vətən Müharibəsi veteranı Məmmədhəsən Rəhimovun xatirələrindən (Abbas Cilovdarlının «Nələr gördüm» kitabından):

Biz Mozdok ətrafı düşərgədə olanda Azərbaycandan olan əsgərlərə sovqat gəldi. Sovqat əldə toxunmuş yun corab, köynək, əlcək və s. kimi geyim şeylərindən, qurudulmuş meyvələrdən ibarət idi. Geyim şeylərini kimyəvi təmizləmədən keçirib payladılar. Hərəyə də yarım kiloqrama qədər meyvə qurusu verdilər. Sonra elan etdilər ki, sabah saat 10-da Ali Baş Komandanlığın Hərbi Məsləhət Şurasının üzvü, Azərbaycan Kommunist Partiyasının birinci katibi M.C.Bağırov hərbi hissəmizə gələcəkdir. Alayda onun gəlişi ilə əlaqədar ciddi hazırlıq işləri görüldü. Bütün əsgərlər hamamlandı, təzə təmiz geyim forması ilə təmin olundu, yemək-içməyin keyfiyyəti yaxşılaşdırıldı.

O zaman M.C.Bağırov yalnız Azərbaycanda deyil, Sovet İttifaqının hər yerində böyük hörmət və nüfuz sahibi idi. Burada onu şəxsi keyfiyyətlərindən əlavə İ.Stalinlə olan şəxsi münasibətləri də mühum rol oynayırdı. Ali Baş Komandanlığın Hərbi Məsləhət Şurasının üzvü kimi yeri gələrsə, hərbi rütbəsindən asılı olmayaraq istənilən hərbiçiyə, ordu komandirinə müstəqil əmr və göstərişlər verməyə Bağırovun səlahiyyəti çatırdı. Hərbiçilər bəzən onun çox sərt əmrlər verdiyini də bilir və qorxurdular. Bu onların Bağırovu qarşılamaq üçün gördükləri hazırlıq işlərindən də hiss olunurdu. Onlar hətta bizi – alayda olan azərbaycanlıları dilə tutub heç bir şikayət etməməyi, hər şeyin yaxşı olduğunu söyləməyi xahiş edirdilər.

Gözlənilən gün səhər saat 10-da M.C.Bağırov 4 nədər generalın və 11 nəfər Bakıdan gəlmiş mülki geyimli adamların müşayiəti ilə bizim alayın düşərgəsinə gəldi. O, qara rəngli dəri paltosunu ciyinlərinə atmış, başına buxara papaq qoymuşdu. Bizim alayın komandiri milliyətcə rus olan polkovnik bir az aralıda Bağırovun suallarına cavab vermək üçün hazır dayanmışdı. Azərbaycandan olan və M.C.Bağırovu müşayiət edən adamların içərisində mən yalnız sevimli şairimiz Səməd Vurğunu tanıdım.

Bağırov bizimlə salamlaşdı, sovqatı alıb-almadığımızla maraqlandı. Sonra ana dilimizdə soruşdu:

— Sizə necə baxırlar? Evlərinizdən sizə məktub yazırlarmı? Nə sözünüz, şikayətiniz var? Utanmadan, çəkinmədən danışın.

Şamxor (indiki Şəmkir) rayonunun Dəllərcəyir kəndindən olan Əsad adlı 40-45 yaşında bir kişi iki gün bundan əvvəl bizim alayda onun oğlu yaşında olan bir əsgəri zabitin güllələdiyi haqqında Bağırova məlumat verdi. Güllələnən həmin əsgər ac olduğundan evlərdən çörək istəmişdi…

M.C.Bağırov Əsəd kişidən soruşdu:

— Həmin zabiti göstərə bilərsənmi?

Əsəd kişi Bağırovla yanaşı addımlayaraq sıranın digər qurtaracağında dayanmış zabiti göstərdi. Bağırov zabiti sıradan bir addım qabağa çıxartdı və qısa sorğu-sual oldu. Zabit əsgəri evlərdən çörək istədiyinə, bağlardan meyvə oğurladığına görə güllələdiyini etiraf etdi, Bağırovun «Əsgər nə üçün ac qalıb?» sualına heç bir cavab verə bilmədi. Bağırov həmin zabiti yerindəcə şaxsən özü güllələdi və alay komandirinə əmr verdi ki bütün zabitlərin hərbi rütbəsi endirilsin.

Bu cəza səhnəsindən sonra əsgərlərlə söhbət davam etdi. Kürdəmir rayonunun Sığırlı kəndindən olan Əhməd adlı gənc əsgər həyat yoldaşından aldığı məktubda onun kolxoz işində yaxşı işlədiyini, buna baxmayaraq kolxoz sədri tərəfindən hər gün bir bəhanə ilə incidildiyini danışır və sözünü belə bitirir: «Yoldaş Bağırov! Ailəmizə belə münasibət göstərilirsə, biz necə döyüşə bilərik?» Bağırov əsgərin bu suala cavabı bir həftə ərzində alacağını vəd edir.

Bir azərbaycanlı əsgər rusların ana söyüşü («твою мать») etdiklərindən və başqa təhqirli ifadələr işlətdiklərindən şikayətlənir. Bağırov: «Onu ruslara tərgitmək olmaz, bu onların ən əziz ifadələridir, siz də onları söyün», dedi.

Sonra Bağırov üzünü azərbaycanlı əsgərlərə tutaraq qısa nitq söylədi və dedi: «Heç kim ailəsindən nigaran qalmasın. Onlara lazım olan qayğı göstəriləcəkdir. Namusla vuruşun. Azərbaycan xalqının adına ləkə gətirən hərəkətlər etməyin. Babəkin, Koroğlunun, Şah İsmayıl Xətainin adına layiq olun. Evinizə, ailənizə tez-tez məktub yazın».

Sonradan həmin o Əhməd adlı əsgər bizə danışdı ki, arvadının yazdığına görə, Sığırlı kəndinin kolxoz sədrini tutub Gəncə həbsxanasına salıblar.

Advertisements

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

%d такие блоггеры, как: